Dekabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “High Performance Computing” (HPC) Mərkəzinin açılış mərasimi keçirilib.

Tədbirdə ADNSU-nun rektoru Mustafa Babanlı, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Təhsil nazirinin müavini İdris İsayev, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə, digər hökumət üzvləri, eləcə də ölkənin aparıcı ali təhsil müəssisələrinin rektorları, AMEA-nın institut direktorları, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

ADNSU-nun rektoru Mustafa Babanlı qonaqları salamlayaraq HPC Mərkəzi haqqında məlumat verib. Mustafa Babanlı bildirib ki, yüksək sürət tələb edən hesablamaları həyata keçirmək üçün istifadə oluna bilən müasir elmi istiqamət olan HPC Mərkəzi kompüter elmlərində, o cümlədən kompüter hesablamalarının istifadə olunduğu müxtəlif elm sahələrində kvant mexanikası, hava proqnozlaşdırıması, molekulyar modelləşdirmə, fiziki modelləşdirmə kimi istiqamətlərdə çox böyük tətbiq imkanlarına malikdir. Belə bir mərkəzin təsis olunmasında əsas məqsəd ölkədə HPC ilə bağlı elmi texnoloji məsələlərin həlli və kadr hazırlığını təmin etməkdir.

Açılış mərasimində HPC  Mərkəzinin elmi-təşkilatı işlər üzrə icraçısı Nigar İsmayılova məruzə ilə çıxış edərək mərkəzin fəaliyyəti haqqında geniş məlumat verib.

Sonra Təhsil nazirinin müavini İdris İsayev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxış edərək ADNSU-da yaradılan HPC Mərkəzinin ölkəmizdə innovasiya proseslərinin inkişafına töhfə verəcəyini vurğulayıblar. Qeyd edilib ki, universitet ilkə imza atmaqla cəmiyyətimizin bütün fəaliyyət sahələri üçün faydalı ola biləcək bir layihəni reallaşdırıb.

Tədbir çərçivəsində mərkəzdə çalışan universitet tələbələrinə və mərkəzin bir neçə əməkdaşına sertifikatlar təqdim olunub.

Sonra mərkəzin fəaliyyəti ilə bağlı iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

MƏNBƏ: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Oxunma Sayı: 70