Giriş sərbəstdir!

21 dekabr (14:00-16:00)

📍Azərbaycan Milli Xalça Muzeyi sizi “Mədəni irsin davamlı inkişafı: həsirçilik sənəti” üzrə ustad dərslərinə dəvət edir. Ustad dərsləri kiçik yaşlarından həsir toxuma sənəti ilə məşğul olan və onu nəsildən-nəslə ötürərək yaşadan Masallı rayon sakini Fəridə Həşimova tərəfindən keçiriləcək.
Qeyd edək ki, həsirçilik Azərbaycanda qədim tarixə malik xalq sənəti növlərindən biridir. Bu sənət kənd əhalisinin həyat tərzi üçün həmişə böyük əhəmiyyət daşıyıb. Qamış və digər lifli bitkilərdən hazırlanan həsir ölkəmizdə əsrlər boyu əvəzsiz məişət əşyası olmaqla yanaşı, həm də özünün nəfis, zərif naxışları ilə bədii əhəmiyyət kəsb edib. Təəssüf ki, müasir dövrdə bu sənət növü tədricən unudulur. Ətraf mühitin plastik tullantılarla çirklənməsinin ciddi problemlərdən biri kimi müzakirə olunduğu dünyada həsirçiliyin sənət növü kimi unudulmasına nəinki imkan verməməliyik, hətta onun inkişafı üçün əlimizdən gələni etməliyik. Çünki təbii xammaldan toxunan və bu gün də geniş istifadə olunan məmulatlar – sadə həsirlər, zənbillər, şlyapalar, çantalar və s. ətraf mühitə, o cümlədən insan orqanizminə heç bir ziyan vurmur. Ona görə də həsirdən hazırlanan əşyaları müasir dəbə uyğunlaşdırmaq, forma və dizayn baxımından dekorativ və cəlbedici etməklə geniş şəkildə yaymaq lazımdır. Məhz bunu nəzərə alaraq, ictimaiyyətin diqqətini qədim sənət növü olan həsirçiliyin qorunmasına, dekorativ-tətbiqi sənət nümunəsi kimi bədii əhəmiyyətinin yenidən dirçəldilməsinə, bu irsi yaşadan sənətkarların fəaliyyətinin davamlı inkişafına və ətraf mühütin mühafizəsinin vacibliyinə yönəltmək məqsədi ilə ustad dərsləri keçiriləcək.

Giriş sərbəstdir.

Oxunma Sayı: 52