Litvada keyfiyyətli təhsil, yaşam tərzi baxımından bir çox tələbələri cəlb edir.

Son illərdə burada təhsil almaq istəyənlərin sayı artmaqdadır. Sualları Kaunas Texnologiya universitetinin tələbəsi Emin Vəlixanov cavablandirir.

Litvada təhsil və yaşayış barədə məlumat – Litvada istənilən sahədə təhsil almaq mümkündür. Düzdür bəzi fakültələrdə olan ixtisaslara əcnəbi tələbələrin qəbulu mümkün olmasa da, əksəriyyət ixtisaslarda bu mümkündür. Litva hökuməti digər sahələrdən daha çox təhsil sərmayə yatırır və inkişafı üçün əlindən gələni edir. Artıq növbəti beş illik planı da hazırdır. Bu plana isə bir çox global şirkətlərin nümayəndələrini ölkəyə dəvət edib yeni iş yerlərinin açılması, mütəxəssis hazırlığı və s məsələlər daxildir. Hətta Litvanın ikinci paytaxtı sayılan Kaunas şəhəri, 2022-ci il, avropanın mədəniyyət paytaxtı seçiləcək. Buna görə də Kaunas şəhəri başda olmaqla digər şəhərlər də inkişaf yolunda gözlə görülən addımlar atmağa başlayıb. Bu da təbii ki, təhsilə öz təsirini göstərəcək. Litva hökuməti əcnəbi tələbələrin təhsilini başa vurduqdan sonra Litvada qalması üçün şərait yaradır və hətta təhsil bitdikdən 1 il müddətində də imkan verir ki, ölkədə qalıb ya təhsilin növbəti pilləsi ilə davam etsin ya da iş axtarıb tapmaqla qərarlaşsın. Təhsil isə digər avropa ölkələrinə nisbətən ucuz və keyfiyyətlidir. Hətta burada olan tibb universiteti, tibbdə inkişaf etmiş İsraildən hər il kifayət qədər tələbə qəbul edir. Bu universitetdə təhsil haqqının yüksək olmasına baxmayaraq təhsilin keyfiyyətinə görə, tələbələr buraya müraciət edir. Eləcə də bu siyahıda Vilnius Universiteti, Kaunas Texnologiya Universiteti və s. Daxildir. Hər təhsil ili bitdikdən sonra isə universitet fakültələri QS sistemində təhsil keyfiyyəti və məzun sayına görə irəliləməkdə davam edir.

Litvada yaşayış isə hər insana görə dəyişə bilər. Mən şəxsi təcrübəmə əsaslanaraq onu deyə bilərəm ki, bir ölkəyə müvəqqəti və ya daimi yaşayış üçün gedərkən mənə görə ən vacib məsələ təhlükəsizlik daha sonra təbiəti, insanları və bu yöndə davam edir. Litvada əcnəbi tələbələrin və ya miqrantların sayının çox olmasına baxmayaraq, ölkə öz təhlükəsizliyini qoruyub saxlamağı bacarır. Cinayət halları çox azdır demək olar ki, yox səviyyəsindədir. Yaşayış təhlükəsizliyi ilə yanaşı həm ucuz və təmizdir. Ölkədə şam ağacı meşələrinə demək olar hər şəhərdə rast gələ bilərsiniz. İnsanları uzunömürlü və sağlamdırlar. Siz günün istənilən vaxtında ətrafınızda yaş fərqi olmadan qaçacaraq idman edən insanları görə bilərsiniz. İşləməkdən çəkinmirlər hətta qadınlar ağır sənayedə kişilərlə müqayisədə cüzi fərqlə geri qalır. Siz şəhər ətrafı əraziləri gəzərkən qadınları yaş fərqi olmadan traktor idarə edərək kənd təsərrüfatı ilə məşğul olduğunu görə bilərsiniz. Eləcə də şəhərdə cavan yaşlı qadınların trolleybus,avtobus idarə etmələri də danılmaz faktdır. Bir sözlə iş şəraitində gender bərabərliyi qorunur və insanlar istənilən işlərdə çalışmaqdan məmnunluq duyurlar. Əcnəbi tələbələr üçün yalnız hava şəraiti əlverişsiz ola bilər hansı ki, günəş az hallarda özünü göstərir hətta qış aylarında -25 dərəcəyə qədər də düşə bilər. Amma buna baxmayaraq Litva yaşanılası ölkədir.

 

Litvada təhsil almaq üçün təqaüd imkanı varmi ? – Litvada təhsil qeyd etdiyim kimi tibb sahəsini çıxdıqda digər sahələr başqa avropa ölkələri ilə nisbətdə aşağıdır və təhsil haqqını hissə-hissə ödəmək imkanı mövcuddur. Təqaüd isə müxtəlifdir. Hər il “Litva Dövlət Təqaüdü” proqramı Azərbaycan da daxil olmaqla digər keşmiş sovetlər birliyinə daxil olan ölkələrdən müraciət edən namizədlər üçün açıq elan olunur. Avropa ölkələri üçünsə, bu təqaüd yoxdur əvəzinə təhsil haqqından təmamilə azad olmaq şansı vardır. Azərbaycan üçün də nəzərdə tutulmuş bu təqaüd 380 euro məbləğindədir və yaşayış üçünsə yaşayışın burada ucuz olduğunu nəzərə aldıqda tam qane edə biləcək məbləğdir. Bu təqaüd sizin təhsil müddətində imtahanlardan kəsriniz olmadığı halda davam edəcək. Təqaüd isə, Magistratura və Doktorantura dərəcəsi üçün nəzərdə tutulub. Bundan əlavə olaraq, Universitetlərin daxili təqaüd və təhsil haqqında tam və ya müəyyən hissə azad olmaq imkanları mövcuddur. Mənim təhsil aldığım Kaunas University of Technology-də daxili təqaüd imkanı və təhsil haqqından 100% azad olmaq imkanı da vardır. Universitetə müraciət edərkən yüksək nəticə göstərən tələbələr təhsil haqqından tamamilə azad olunurlar və eləcə də, təhsil müddətində semester ortalama bal göstəriciləri 8 və daha yüksək olan tələbələr “talent scholarship” proqramına da müraciət edə bilərlər. Eləcə də sizdən təhsil aldığınız müddət ərzində aktiv tələbə olmanız, şansınızı artıran hal kimi sayılır. Digər universitetlərdə də oxşar təqaüd imkanları və təhsil haqqından müəyyən hissə azad olmaq şansları mövcuddur.

 

Litvada bakalavr, magistr və doktorantura təhsili almaq istəyənlərə ümumi məsləhətlər və həmin proqramlarda təhsil almaq üçün imkanlar ?– Digər universitetlərdə tələb olunan müxtəlif SAT, TOEFL, IELTS, GRE, GMAT və s. kimi sertifikatlar Litva universitetlərinə qəbul olmaq üçün vacib şərtlərdən deyil. Olması sizin xeyrinizə olan hal kimi dəyərləndirilsə də olmaması da sizin təhsil almağınıza maneə törətmir. Universitetə müraciət etdikdə sizdən online oxuyacağınız təhsil dili haqqında imtahan olunacaq. Bakalavriat dərəcəsi üçün namizədlərdən isə bu testdən əlavə olaraq müraciət etdiyi ixtisasa uyğun online test imtahanı götürülür. Magistratura dərəcəsində bir qədər professional olmağınız, Bakalavriat dərəcənizin davamını düşünürsünüzsə bu sahədə bilik və bacarıqlarınızın olması sizin xeyrinizədir. Çünki, müraciət etdiyiniz ixtisas uyğun sizdən online müsahibə götürüləcək. Bəzi tələbələrdə sual yaranır ki, əgər onlar diplom işi ilə deyil dövlət imtahanı ilə təhsillərini bitirib məzun olublarsa onlarda necə olacaq? Qorxmasınlar bu elə də problem yaratmır və heçnəyi dəyişmir. Bu tədris pilləsi üzrə siz təqaüdə, universitet təhsil haqqından azad olmaq üçün nəzərdə tutulan proqramlara müraciət edə bilərsiniz. Doktorantura təhsili almaq istəyən namizədlər isə diqqətli olmalıdırlar. Bu dərəcə universitetin nəznində muxtar departament sayılır və qəbulu sırf fakültə nümayəndələri, araşdırma qrup üzvləri tərəfindən aparılır. Bu proqramda siz sırf istədiyiniz araşdırma mövzusunu universitetlərin saytlarında tapa bilməsəniz də, uyğun sahələrdə olan qrup üzvlərinə yazaraq araşdırma mövzunuzu deyərək onlardan dəstək ala bilərsiniz. Bəlkə də sizin mövzu ilk olacağına görə bunu universitetin saytında qeyd etməyiblər amma o demək deyil ki, mümkün deyil. Doktorantura dərəcəsi universitetdən asılı olaraq dəyişir və mənim oxuduğum universitetdə 100% təhsil haqqında azaddırlar hətta aylıq 750eurodan başlayaraq təqaüd almaq imkanları mövcuddur. Əgər sizin araşdırma mövzunuz qismən çətin və kifayət qədər maraq doğuran mövzudursa, sizin təqaüdünüz arta da bilər. Ümumilikdə universitetdən asılı olaraq Bakalavriat dərəcəsi 3-4 il, Magistratura 1.5-2 il Doktorantura dərəcəsi isə 3-5 il nəzərdə tutulub. Bu barədə mən mütəmadi olaraq Azərbaycandan müraciət edən dostlarımızla şəxsi səhifəm üzərindən müzakirələr aparıram. Buraya oxumaq üçün gəlmək istəyən hər bir yoldaşlarımıza da əlimdən gələn köməyi etməyə hazıram və buna davam edirəm. Burada oxumaq və yaşamaq üçün tərəddüd edən dostlarımıza onu deyə bilərəm ki, fikrinizi dəqiqləşdirmək üçün buraya turist olaraq gəlib bir müddət burada yaşayışı müşahidə edin.

 

Kaunas haqqında və harada qalırsan Kaunasda ?  – Kaunas ikinci paytaxt şəhəri sayıldığından, gəlmə əhali sayına görə sadəcə Vilniusdan geri qalır. Kaunas tələbə şəhərciyidir də demək doğru olardı. Burada əcnəbi tələbə qəbul edən 5 universitet ümumilikdə isə 7 universitet yerləşir. Hər universitetin isə müəyyən sayda yataqxanaları da vardır ki, tələbələrin büdcəsinə uyğun olaraq tənzimlənir. Mən özüm də tələbələr üçün nəzərdə tutulan yataqxanalardan birində qalıram. Ümumiyyətlə hər kəsə yataqxanada qalmağı məsləhət görərdim. Çünki, sizin sosiallaşmağınızda böyük rolu olacaqdır. Administrasiya isə tam yüksək səviyyədə qurulmuşdur. Belə ki, Erasmus+ mübadilə proqramı ilə gələn tələbələr üçün nəzərdə tutulmuş və tam təhsil ili üçün gələn tələbələr üçün nəzərdə tutulan yataqxanalar vardır. Buna səbəb isə, bildiyimiz kimi, mübadilə proqramı ilə gələn tələbələr daha çox vaxtlarını əyləncəyə sərf edərək, olduqları şəhərdə doya doya vaxt keçirsinlər deyə digər tələbələrin rahatlıqları nəzərə alınıb. Bundan əlavə olaraq, Kaunas şam ağacı meşələri ilə zəngindir və şəhər çox təmizdir. Bunun səbəbi isə müxtəlif faktorlardır. Ən sadə misal olaraq, plastik şüşələrdə satılan içiklərin üzərində əlavə depozitin olması da insanlarda xərclərinə diqqət yetirməyi və küçələrə tullanılan hər plastiklərin pul kimi olduğu düşüncəsini aşılamağa gətirib çıxarlımasını göstərə bilərik. Ətraf mühitin təmiz saxlanılmasına uyğun insanları lap məktəbə qədər təhsil yaşlarından müxtəlif layihələrdə iştirak etməklə cəlb edirlər. Şəhər idarə sistemi tam yüksək səviyyədə qurulması və insanların da bunu məcburiyyət olaraq yox məsuliyyət olaraq düşünmələri bu şəhəri daha da gözəl edir. Bir sözlə bu şəhər istənilən insan üçün ən əlverişli şəhərdir demək də olar. Təbii ki, hava şəraiti xaric.  Hər bir vətəndaşlarımızı bu ölkəyə gəzmək üçün də olsa yollarını buradan salmalarını tövsiyə edərdim. Mənimlə əlaqə saxlamağı isə unutmasınlar. Hər birinizə həyatınızdakı istənilən atdığınız addımınızda uğurlar arzu edirəm.

 

Hörmətlə: Emin Vəlixanov

Oxunma Sayı: 85