Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur.
Bu məqsədlə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu nəzərə almaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq etməklə gənclər arasında könüllülük fəaliyyətini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində tətbiq etməyə başlayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi xatırladır ki, könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində könüllü fəaliyyət əsas etibarı ilə aşağıdakı istiqamətlər üzrə təşkil olunur:

  • Aparatın şöbə və sektorlarında, eləcə də bölgə şöbələrində təcrübə keçmək;
  • Müvafiq şöbələrin iş təcrübəsini öyrənmək;
  • Azərbaycanda dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazası ilə tanış olmaq;
  • Dövlət Komitəsinin Bakıda və bölgələrdə keçirdiyi regional konfransların, seminar-müşavirələrin, seminar-treninqlərin təşkil edilməsi prosesində iştirak etmək;
  • Vətəndaşların qəbulunda bilavasitə iştirak etmək;

Könüllülük fəaliyyəti 2 ay müddəti üçün nəzərdə tutulub.
Könüllü kimi 2 ay müddətində fəaliyyət göstərib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən xüsusi sertifikatlar veriləcəkdir ki, bu da onların əmək fəaliyyətinə uğurlu bir keçid fürsəti olacaqdır.
Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:

  • İntizamlılıq;
  • Xoşrəftarlılıq;
  • Ünsiyyətcillik;
  • Operativlik;
  • Kollektivdə işləmək bacarığı;
  • Təşkilatçılıq;
  • Təşəbbüskarlıq;
  • Məsuliyyətlilik;
  • Kompüter bacarığı.

Müraciət üçün:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində könüllülər sırasına qoşulmaq istəyən gənclər mövzu hissəsində “Könüllü proqramı” göstərməklə öz CV-lərini (tərcümeyi-hal) dk-public@scwra.gov.az elektron ünvanına göndərə bilərlər.
Əlavə məlumat üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin (012) 437 31 15; (012) 497 15 39 nömrələrinə zəng etmək olar.
Müvafiq tələblərə cavab verən şəxslərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət ediləcəklər.

Oxunma Sayı: 63