“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ali məktəb məzunları və tələbələr üçün Təcrübə Proqramı elan edir.
Təcrübəçilər “AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi tərəfindən icra edilən sosial layihələrin icrasında iştirak edəcəklər.

Əməkdaşlığa cəlb ediləcək təcrübəçilər müqavilə əsasında fəaliyyət göstərəcək, gündəlik xərclərin (yol, qidalanma və sair) qarşılanması üçün müəyyən edilmiş məbləğdə ödəniş alacaqlar.

Təcrübə proqramı tələbə və məzunlara təhsil aldıqları müddətdə əldə etdikləri nəzəri bilikləri tətbiq etmək, dağ-mədən sahəsində fəaliyyət göstərən gənc və innovativ kollektivlə çalışmaq, professional mühitdə əmək vərdişlərini formalaşdırmaq imkanı qazandıracaqdır.

Təcrübə proqramını uğurla tamamlayan təcrübəçilərə “AzerGold” QSC tərəfindən sertifikat və müsbət xasiyyətnamə veriləcək.

Tələb olunan bilik və bacarıqlar:
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, təşəbbüskarlıq və araşdırma bacarığı;
• Sosial layihələrə maraq;
• Dil və kompüter bilikləri: Azərbaycan dili (mükəmməl səviyyədə yazı bacarığı), xarici dil bilikləri arzuolunandır, “Microsoft Office” proqramları.

Əlavə məlumatlar:
• Təcrübə Proqramının iştirakçıları “AzerGold” QSC-nin baş ofisində (Bakı ş., M.Müşfiq küç., 2H) fəaliyyət göstərəcəklər;
• Təcrübəçilər kompüterlə təmin olunacaqlar;
• İş vaxtı həftədə ən azı 3 gün olmaqla gündə 4 saat təşkil edəcək.

Təcrübə Proqramına müraciət etmək üçün göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mövzu hissəsində KSM qeyd etməklə 24.02.2020-ci il tarixinədək “cv@azergold.az” elektron poçt ünvanına göndərə bilərlər.

Oxunma Sayı: 80