Dekabrın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) 100 illiyi münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) 100 illiyi ilə bağlı videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən ADPK-nın direktoru İsrayıl İsgəndərov rəhbərlik etdiyi təhsil ocağının fəaliyyəti barədə məlumat verib. İsrayıl İsgəndərov qeyd edib ki, hazırda kollecdə 7 ixtisas üzrə 4800-ə yaxın tələbə subbakalavr dərəcəsi üzrə təhsil alır. Bu tələbələrin təhsili ilə 270 müəllim, 135 inzibati və tədris-köməkçi heyəti məşğul olur. İsrayıl İsgəndərov deyib ki, Azərbaycan Dövlət Pedaqoji Kolleci milli-mənəvi dəyərlərə xidmət edən, vətənpərvərlik ruhunda tərbiyə olunan, müasir düşüncəyə, yeni təhsil-tərbiyə texnologiyasına, yüksək ixtisas bacarığına malik kadrlar hazırlanılmasını ən ümdə məqsəd və vəzifəsi bilir.

Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva kollecin fəaliyyətini yüksək qiymətləndirib. ADPK-nın keçdiyi tarixi yola nəzər salan nazir müavini qeyd edib ki, 1919-cu ilin sentyabrında Azərbaycan Dövlət Pedaqoji Kollecinin bilavasitə sələfi olan Bakı Darülmüəllim (Kişi Müəllimlər Seminariyası) açılıb. Məhəbbət Vəliyevanın sözlərinə görə, kollec 100 il ərzində müxtəlif adlar altında fəaliyyət göstərsə də öz xalqının maariflənməsi istiqamətində əvəzedilməz işlər görüb, on minlərlə layiqli kadrlar yetişdirib. Nazir müavini kollecin bu gün də öz tarixi missiyasını uğurla həyata keçirərək pedaqoji kadr hazırlığını davam etdirdiyini xüsusi olaraq qeyd edib.

Nazir müavini Məhəbbət Vəliyeva çıxışının sonunda bütün kollektivi təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

ADPU-nun rektoru Cəfər Cəfərov öz növbəsində kollecin kollektivini təbrik edib. ADPK-nın bacarıqlı müəllim heyəti ilə təmin olunduğunu deyən rektor bu təhsil müəssisəsinin peşəkar müəllim kadrlarının hazırlanmasında rolunu xüsusi vurğulayıb

Sonra bir qrup əməkdaşa diplom və fəxri fərman təqdim olunub.

Tədbir bədii proqramla davam etdirilib.

MƏNBƏ: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Oxunma Sayı: 74