Gənc Tamaşaçılar Teatrında uşaqlarla növbəti görüş maraqlı keçib

10728.01.2020

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ingilis nağıllarının motivləri əsasında uşaqlar üçün hazırlanan “Şən Elf və Cadugər” tamaşası nümayiş olunub.

Səhnə əsərinin quruluşçu rejissoru, rus dilindən tərcümə edən və səhnələşdirəni gənc və istedadlı aktrisa Ayla Osmanovadır.

Tamaşanın quruluşçu rəssamı Nisə Qələmova, musiqi tərtibatçısı Zaur Rəşidov, plastik həlli isə Ceyhun Dadaşova aiddir. Uşaqlara saf hissləri, doğmalığı, dostluğu təbliğ edən bu səhnə əsərində teatrın istedadlı aktrisaları Səbinə Məmmədova, Təhminə Məmmədova, Hökümə Rəhimzadə, Nuranə Hüseynova, İlahə Əmirxanova, aktyorlar Nurlan Süleymanlı və İmran Qurbanov rol alıblar.

Aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa uşaqlar tərəfindən maraqla izlənilib.

Səhnə əsərinin rejissoru, bir çox uşaq tamaşalarına quruluş verən Ayla Osmanova “Şən Elf və Cadugər”in balacaları sevindirdiyini söyləyib: “Daha öncələr də qurduğum uşaq tamaşalarında balacaları əyləndirmək, dünyanın gözəl olduğuna inandırmaq niyyətim olub. Onların yerində olmağa, özümü onlarla eyni yaşda hiss etməyə və nə istədiklərini anlamağa çalışmışam. Uşaqlar hər zaman xeyrin qalib gəlməsini istəyirlər. Biz də məhz buna inanmağa və onların da rəngarəng dünyalarını bir az da gözəlləşdirməyə çalışırıq”.

Mənbə : Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi http://mct.gov.az/az/umumi-xeberler/genc-tamasacilar-teatrinda-usaqlarla-novbeti-gorus-maraqli-kecib

Oxunma Sayı: 63