Dekabrın 20-də Muzey Mərkəzinin sərgi qalereyasında Xalq rəssamı, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı Kamil Nəcəfzadənin anadan olmasının 90 illiyinə həsr olunmuş sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva K.Nəcəfzadənin mənalı ömür yolundan, özünəməxsus yaradıcılıq üslubundan, bənzərsiz sənətkarlığından danışıb.

Bildirilib ki, Kamil Nəcəfzadə milli kinomuzda 40-dan çox filmdə o cümlədən, Azərbaycan kinosunun qızıl fonduna daxil olan “Sən niyə susursan?”, “Ad günü”, “Mən ki gözəl deyildim”, “Bir cənub şəhərində”, “Bir məhəlləli iki oğlan”, “Uzaq sahillərdə”, “Qara daşlar”, “Atları yəhərləyin” və s. filmlərdə quruluşçu rəssam kimi işləyib, istedad və bacarığı sayəsində Azərbaycan kino sənətinin inkişafına təkan verib. Kamil Nəcəfzadə, həmçinin bir sıra dram tamaşalarına bədii tərtibat verib. Hüseyn Cavid və Səməd Vurğun kimi qüdrətli söz ustalarımızın əsərləri onun tərtibatı sayəsində özünün dolğun səhnə təcəssümünü tapıb. Bunlar geniş yaradıcılıq diapazonuna malik rəssamın səhnəqrafiya sahəsində də böyük istedadı olduğunu nümayiş etdirir. K.Nəcəfzadə rəngkarlıq və qrafika sahələrində də bir sıra dərin məzmunlu və estetik təsir gücü ilə seçilən əsərlər yaratmağa müvəffəq olub. Onun fırçasından çıxmış gözəl tablolar özünün mövzu aktuallığı, orijinallığı və bənzərsizliyi ilə səciyyələnir. Mənzərələr silsiləsi, portret və eləcə də məişət janrlarında yaradılan bu əsərlər sənətsevərlər tərəfindən böyük maraqla qarşılanmışdır.

Sevda Məmmədəliyeva onun gənc istedadlı rəssamların formalaşmasında böyük xidmətləri olduğunu söyləyərək vurğulayıb ki, Kamil Nəcəfzadənin əsərləri bu gün də öz aktuallığını itirmir və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilir.

Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov sənətkarın ömür yoluna nəzər salıb. Bildirib ki, Lənkəran şəhərində dünyaya göz açan Kamil Nəcəfzadə 1948-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirib. 1955-ci ildə təhsilini bitirərək Bakıya qayıdıb və “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayıb. Ömrünün 40 ilini bu işə bağlayan sənətkar onlarla dəyərli kinofilmin yaranmasında iştirak edib.

O, K.Nəcəfzadəni yüksək intellektə, dərin mütaliəyə, geniş dünya görüşünə malik, incəsənətin başqa sahələrinə də bələd olan bir şəxsiyyət kimi səciyyələndirib.

Diqqətə çatdırılıb ki, rəssamın əsərləri Yaponiya, Türkiyə, Almaniya, Fransa, Kanada, Monreal və başqa ölkələrin muzey və şəxsi kolleksiyalarda saxlanılır. O, 1986-cı ildə Vyetnamın Hanoy şəhərində fərdi sərgisinin açılışından sonra 29 əsərini Vyetnam xalqına hədiyyə edib.

Sonra sənətkarın oğlu kinorejissor, Əməkdar incəsənət xadimi Şamil Nəcəfzadə, qızı Aynur Nəcəfzadə və babasının sənət yolunu davam etdirən nəvəsi Aysel Nəcəfzadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

Otuz ildir Amerikada yaşayan qızı Aynur Nəcəfzadə deyib ki, ötən müddət ərzində ABŞ-da atasının 4 sərgisini açıb və onun daha geniş coğrafiyada tanınmasına nail olub.

O bildirib ki, Kamil Nəcəfzadənin Bakı haqqında rəsm əsəri hazırda Ağ evdə asılıb.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə nümayiş olunan rəngkarlıq və qrafika əsərləri rəssamın ailə kolleksiyasından, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından seçilib.

Sərgi dekabrın 27-dək davam edəcək.

MƏNBƏ:AZƏRTAC

https://tehsil.info/wp-content/uploads/2019/12/sekilll.jpghttps://tehsil.info/wp-content/uploads/2019/12/sekilll-150x150.jpgadminFaydalıSərgilərTədbirlərXəbərlərincəsənət,kamil nəcəfzadə,mədəniyyət,Rəssam,rəssamlıq,sərgi,yubileyDekabrın 20-də Muzey Mərkəzinin sərgi qalereyasında Xalq rəssamı, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı Kamil Nəcəfzadənin anadan olmasının 90 illiyinə həsr olunmuş sərgi açılıb. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva K.Nəcəfzadənin mənalı ömür yolundan, özünəməxsus yaradıcılıq üslubundan, bənzərsiz sənətkarlığından danışıb. Bildirilib ki, Kamil Nəcəfzadə milli kinomuzda... Oxunma Sayı: 68